Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) üçün elmi layihələrə ayrılan büdcəni kəskin şəkildə azalda bilər.
Trend-in "Washington Post" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı maliyyə ilində NASA-nın Elm Missiyası Direktorluğuna ayrılan vəsaitin 7,3 milyard dollardan 3,9 milyard dollara qədər azaldılması nəzərdə tutulur.
Qəzetin yazdığına görə, bu ixtisarlar NASA-nın gələcəkdə kosmik teleskop buraxılışı və Marsdan Yerə torpaq nümunələrinin çatdırılması kimi mühüm elmi layihələrinə mənfi təsir göstərə bilər.
SpaceX şirkətinin sahibi və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən Elon Musk X platformasında məsələyə münasibət bildirərək, NASA-nın büdcəsinin azaldılmasını “narahatedici” adlandırıb: “Mən elmi layihələri çox dəstəkləyirəm, lakin təəssüf ki, SpaceX NASA-nın əsas podratçısı olduğuna görə bu müzakirələrdə iştirak edə bilmirəm”, – deyə Musk vurğulayıb.
Xatırladaq ki, yanvarın 20-də Respublikaçı Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ büdcə xərclərinin geniş miqyaslı auditinə start verib. Elon Musk ümumilikdə hökumət xərclərinin 2 trilyon dollar azaldılacağını gözlədiyini bildirib.