Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrlə ticarət sövdələşmələrinin uğurlu şəkildə tamamlanacağına ümid etdiyini bildirib. Bu ölkələrə tarif artımını təxirə salmaq üçün verilən 90 günlük müddət yaxınlaşır.
Trend xəbər verir ki ,bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
O, Trampın "90 gün bitmədən yaxşı sövdələşmələrin ediləcəyinə ümid etdiyini" deyib. Livittin sözlərinə görə, "Biz bu sövdələşmələri mümkün qədər tez bağlayacağıq" və "Bunlar hər bir ölkə üçün fərdi sövdələşmələr olacaq."
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara 10%-lik universal tarif tətbiq ediləcəyini açıqlayıb. Aprelin 5-dən etibarən universal tariflər, aprelin 9-dan isə fərdi tariflər qüvvəyə minib. Eyni zamanda, Tramp 75 ölkə ilə tarif artımını 90 gün müddətinə dayandırıb və bu ölkələrə 10% idxal rüsumu tətbiq olunacaq.
Amerika lideri ticarət tərəfdaşları ilə tarif səviyyələrini müzakirə etməyə açıq olduğunu və bu üç aylıq fasilənin uzadılmasını istisna etmədiyini də bildirib.