Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Araqçi İran və ABŞ arasında dolayısı (indirect) müzakirələrdə İranın mövqeyini Oman tərəfinə təqdim edib.
Bu barədə Trend İranın Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, İran və ABŞ arasında müzakirələrdə iştirak etmək məqsədilə nümayəndə heyətinin müşayiəti ilə Omana səfər edən İran xarici işlər naziri Seyid Abbas Araqçi Oman xarici işlər naziri Seyid Bədr Əlbusəidi ilə görüşüb.
Görüş çərçivəsində İran xarici işlər naziri regional məsələlərlə əlaqədar Oman məsuliyyətli strategiyasını alqışlayıb və İran və ABŞ arasında daolayısı danışıqlara ev sahibliyini həmin strategiyanın nişanəsi adlandırıb.
Oman Krallığının xarici işlər naziri də Oman-İran münasibətlərini önəmli adlandırıb və İran və ABŞ arasında müzakirələr üçün Masqatın seçilməsi üçün İrana təşəkkürünü bildirib.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 martda agentliyin Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqramadək artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.
Qeyd edək ki, 30 martda ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran nüvə proqramı ilə bağlı sazişə razılıq verməsə, İran görünməmiş bombardmanlarla üzləşəcək.
Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək, sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən, İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla AEBA-nın nəzarət mexanizmi 20-30% azalıb.
İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran və ABŞ arasında müzakirələrin birbaşa şəkildə aparılacağını bildirib. İranın xarici işlər naziri Seyid Abbas Araqçi isə sözügedən müzakirələrin dolayısı yolla 12 apreldə Omanda keçiriləcəyini qeyd edib.