Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 16 apreldə Tehrana səfər edəcək.
Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Qrossinin Tehrana səfəri ikitərəfli əməkdaşlıq və anlaşmaların davam etdirilməsi çərçivəsində baş tutacaq.
Qəribabadi bildirib ki, AEBA baş direktoru Tehranda İran xarici işlər naziri Seyid Abbas Araqçi və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə görüşərək danışıqlar aparacaq.
Qeyd edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək, sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən, İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla AEBA-nın nəzarət mexanizmi 20-30% azalıb.
İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.
Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 martda AEBA Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqrama artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.