Bakı. Trend:
Rusiyaya səfərin əsas məqsədi İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin məktubunu Rusiya prezidenti Vladimir Putinə çatdırmaqdır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil olunacaq.
İran xarici işlər naziri məktubun detallarını açıqlamayıb.
Əlavə edək ki, İran XİN sözçüsü İsmayıl Bəqai aprelin 14-də bildirib ki, İran xarici işlər naziri həftəsonu Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Məsqət danışıqları və prosesləri haqda dialoq aparılacaq.
Qeyd edək ki, aprelin 12-də Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.