...

ÜTT 2025-ci il üçün qlobal ÜDM artımını proqnozunu azaltdı

Dünya xəbərləri Materials 17 Aprel 2025 02:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) iqtisadçıları, ABŞ-ın tətbiq etdiyi idxal rüsumları və bu addımlara qarşı cavab tədbirləri səbəbindən 2025-ci il üçün dünya ÜDM-nin artım proqnozunu 2,8%-dən 2,2%-ə endiriblər.

Trend-in məlumatına görə, bu barədə ÜTT-nin 2025 və 2026-cı illər üçün qlobal ticarət perspektivləri haqqında hesabatında qeyd edilib. Təşkilatın mütəxəssisləri, yeni rüsumların tətbiqi və ticarət siyasətindəki qeyri-müəyyənliyin artması nəticəsində proqnozlarını aşağı salmaq məcburiyyətində qaldıqlarını açıqlayıblar.

Hesabatda qeyd olunub ki, ilkin proqnozda 2025-ci ildə dünya ÜDM-nin artımının 2,8% olacağı gözlənilirdi. Lakin düzəlişdən sonra 2025-ci ildə bu artım 2,2% səviyyəsinə enəcək ki, bu da baza proqnozundan 0,6 faiz bəndi aşağıdır.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp, 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. 10%-lik universal rüsumlar aprelin 5-də, fərdi rüsumlar isə aprelin 9-da qüvvəyə minib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən başlayaraq bütün idxal olunan avtomobillərə 25% gömrük rüsumu tətbiq edib.

Aprelin 9-da Tramp bəzi ölkə və ərazilərə qarşı tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandıracağını açıqlayıb. Bu fasilə ticarət danışıqlarının aparılması ilə əlaqədar olaraq tətbiq edilib, və bu müddət ərzində 10%-lik universal rüsum qüvvədə qalacaq. Eyni zamanda, ABŞ Prezidenti, Çin məhsullarına tətbiq olunan rüsumları 125%-ə qədər artırıb. Hazırda, Çin məhsullarına ümumi rüsum 145%-ə çatır.

Xəbər lenti

Xəbər lenti