Bakı. Trend:
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı ABŞ-yə məxsus “MQ-9 Reaper” tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalının efirində bildirib. Onun sözlərinə görə, pilotsuz aparat Yəmənin paytaxtı Səna əyalətinin hava məkanında “düşmən tapşırıqlarını yerinə yetirərkən” yerli istehsal olan “yer-hava” sinifli raketlə vurularaq məhv edilib.
Saria iddia edib ki, bu, husilərin son 24 saatda vurduğu ikinci “MQ-9 Reaper” aparatıdır. Onun sözlərinə görə, Yəməndəki münaqişənin 2023-cü ilin oktyabrında kəskinləşməsindən bəri ABŞ-a məxsus bu tipli ümumilikdə 21 pilotsuz aparat vurulub.
Qeyd edək ki, ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına əsasən, bir “MQ-9 Reaper” PUA-sının təxminən 30 milyon dollar dəyərində olduğu bildirilir.