Bakı. Trend:
Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttə şəhərində yerləşən hoteldə baş vermiş yanğın nəticəsində azı 14 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Trend Hindistan mediasına istinadla xəbər verir ki, hadisə aprelin 29-da axşam saatlarında qeydə alınıb.
Bildirilir ki, ölənlər arasında xilas olmaq üçün binanın yuxarı mərtəbələrindən tullanmağa cəhd edənlər də olub. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas etməyə nail olublar. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, hadisə yerində 14 meyit aşkarlanıb.
İlkin ehtimallara görə, yanğının səbəbi mətbəxdə baş verən qaz sızması olub.
Qeyd edək ki, Hindistanda təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən binalarda baş verən yanğın və digər texnogen fəlakətlər tez-tez müşahidə olunur. Mütəxəssislər vəziyyətin dəyişməsi üçün ciddi nəzarət və islahatların vacibliyini vurğulayırlar.