Bakı. Trend:
Avropa Komissiyası (AK) Avropa Müdafiə Fonduna 910 milyon avro ayıraraq yeni hərbi-texnoloji layihələrin inkişafını dəstəkləyib və 2025-ci ildən etibarən Ukraynanın müdafiə sənayesi müəssisələrinin də bu fond vasitəsilə maliyyələşmə üçün layihə təqdim edə biləcəyini bildirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında qeyd olunur.
"Avropa Komissiyası Avropa Müdafiə Fonduna 910 milyon avro investisiya yatırıb. Məqsəd Avropada innovativ hərbi sənayenin formalaşdırılmasıdır. Bu vəsait əsasən əməliyyat imkanlarının çatışmazlığını aradan qaldırmaq üçün, o cümlədən hərbi qüvvələrin səyyarlığı, pilotsuz sistemlərin hazırlanması və onlardan müdafiə sahələrinə ayrılıb. İlk dəfə olaraq Ukraynanın müdafiə sənayesi də Avropa Müdafiə Fondu çərçivəsində maliyyələşəcək layihələrin seçimində iştirak edə biləcək", – bəyanatda vurğulanıb.
Avropa Müdafiə Fondunun ümumi büdcəsi 2021–2027-ci illəri əhatə edən dövr üçün 7,3 milyard avro təşkil edir. Avropa Komissiyasına görə, bu fond çərçivəsində həyata keçirilən proqramlar 2030-cu ilə qədər Aİ-nin hərbi potensialının "keyfiyyətcə artırılmasına" yönəlib.