Bakı. Trend:
İran İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında dəmiryol dəhlizini istifadəyə verməyə çalışır.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müşaviri və Beynəlxalq Məsələlər üzrə Mərkəzin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu dəmiryolu dəhlizinin iyun ayında İranın Məşhəd şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yol və nəqliyyat nazirlərinin iclasınadək istifadəyə verilməsi planlaşdırılır.
Tərəffo bildirib ki, qeyd olunan dəmiryolu dəhlizi ilə dərhal sınaq şəklində qatarların fəaliyyətə başlaması gözlənilir.
Nazir müşaviri qeyd edib ki, sözügedən dəmiryolu dəhlizi yükdaşıma və tranzitin artmasına ciddi şəkildə kömək edə bilər.
Qeyd edək ki, Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvüdür.