Bakı. Trend:
ABŞ-nin birtərəfli sanksiyaları səbəbindən “Chevron” şirkəti Venesueladan ABŞ-yə neft tədarükünü dayandırmaq məcburiyyətində qalıb. Lakin bu neft həcmləri digər bazarlara, əsasən də Çinə yönəldilib.
Trend xəbər verir ki, bu barədə “Chevron”un baş direktoru Mayk Virt telekonfrans zamanı açıqlama verib.
“Bizim Venesuelada uzunmüddətli fəaliyyət tariximiz var və düşünürük ki, bu mövcudluq həm Venesuela, həm də ABŞ üçün faydalı olub. İlk Tramp administrasiyasından başlayaraq Bayden administrasiyasına və indiki mərhələyə qədər müxtəlif OFAC sanksiyaları altında fəaliyyət göstərmişik. Son dəyişikliklər Venesuela neftinin ABŞ-yə daşınmasına görə vergilər və royalti ödənişlərini həyata keçirə bilməməyimizlə nəticələndi. Hazırda bu tədarüklər dayandırılıb. Amma neft ixracı davam edir – sadəcə başqa bazarlara yönəldilib”, – deyə Virt bildirib.
Onun sözlərinə görə, Çin Venesuela neftinin əsas idxalçısı olaraq qalır və bu həftə Venesuela rəsmilərinin Çində neft satışının artırılması imkanlarını müzakirə etdiyinə dair məlumatlar yayılıb.
Venesuelanın icraçı vitse-prezidenti və karbohidrogenlər naziri Delsi Rodriqez isə bildirib ki, “Chevron” ABŞ-nin başladığı iqtisadi müharibə və tətbiq etdiyi sanksiyalar səbəbindən ödəniş edə bilmədiyi üçün Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA-ya tədarük etdiyi nefti geri qaytarıb.
Qeyd edək ki, 2015-ci ildən etibarən ABŞ və onun müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli sanksiya tətbiq edib. Venesuela iqtisadiyyatına ən böyük zərbə isə 2019-cu ildə PDVSA-ya qarşı tətbiq edilən məhdudiyyətlərlə vurulub.