Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə ayrılan vəsaiti 2,46 milyard dollar azaltmağı təklif edir.
Trend xəbər verir ki, bu, Ağ Ev tərəfindən cümə günü açıqlanan 2026-cı maliyyə ili üçün federal büdcə layihəsində əksini tapıb.
Layihəyə əsasən, Tramp administrasiyası xarici ölkələrdə iqtisadiyyat və inkişafın dəstəklənməsi proqramlarına vəsait ayırmamaqla əlavə 8,3 milyard dollar qənaət etməyi planlaşdırır. Belə ki, fövqəladə hallarda beynəlxalq dəstək proqramlarının azaldılması 3,2 milyard dollar, səhiyyə və ailə planlaşdırma proqramlarının ixtisarı 6,2 milyard dollar, digər ölkələrə ərzaq tədarükünü nəzərdə tutan proqramların ləğvi isə 1,6 milyard dollar qənaət imkanı yaradacaq.
Ümumilikdə Tramp administrasiyası xarici siyasət məqsədləri üçün ayrılan xərcləri 9,6 milyard dollara endirməyi təklif edir. Bu isə hazırkı maliyyə ili ilə müqayisədə 83,7 faiz azalma deməkdir.