Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan xarici filmlərə 100 faiz tarif tətbiq ediləcəyini açıqlayıb.
Trend-in məlumatına görə, Tramp bu qərarın Amerikanın kino sənayesini qorumaq məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, hazırda ABŞ kino sənayesi ciddi şəkildə zəifləyib və bir sıra ölkələr amerikalı rejissorları və studiyaları xaricə cəlb etmək üçün müxtəlif təşviqlər təklif edirlər.
“Hollivud və ABŞ-nin bir çox bölgələri faktiki olaraq məhv olub. Bu, digər ölkələrin məqsədli səyləri nəticəsində baş verib və artıq milli təhlükəsizlik məsələsinə çevrilib”, – deyə Tramp vurğulayıb.
Bu səbəbdən Prezident Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəliyinə xaricdə istehsal edilən və ABŞ bazarına daxil olan bütün filmlərə 100 faiz tarif tətbiqi üçün prosesə dərhal başlamağı tapşırdığını qeyd edib.
“Biz yenidən ABŞ-də çəkilmiş filmlər istəyirik”, – deyə Tramp əlavə edib.