Bakı. Trend:
Dünyanın aparıcı avtomobil istehsalçılarından olan “Toyota Motor” (Yaponiya) avtokonserni 2025-ci maliyyə ilində xalis mənfəətinin 34,9% azalacağını gözləyir. Buna səbəb ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq olunan idxal rüsumlardır.
Trend xəbər verir ki, bu barədə şirkətin dərc etdiyi maliyyə proqnozunda qeyd olunur.
Proqnoza əsasən, “Toyota”nın xalis mənfəəti 3,1 trilyon yen (hazırkı məzənnə ilə təxminən 21,6 milyard ABŞ dolları) təşkil edəcək – bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9% azdır. Eyni zamanda, əməliyyat mənfəəti 20,8% azalaraq 3,9 trilyon yenə (27,1 milyard dollar) düşəcək. ABŞ bazarı “Toyota”nın bütün xarici satışlarının təxminən 20%-ni təşkil edir.
Qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan mallara qarşı artırılmış gömrük rüsumlarının tətbiqini elan edib. Ümumi (əsas) tariflər 10% olmaqla aprelin 5-dən qüvvəyə minib, ayrı-ayrı ölkələr üçün fərdi idxal rüsumları isə aprelin 9-dan etibarən tətbiq olunub. Yaponiya üçün əlavə 24%-lik rüsum müəyyən olunub.