Bakı. Trend:
BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) Tripolidə baş verən şiddətli silahlı toqquşmalar fonunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib.
Trend xəbər verir ki, bu barədə Missiyanın sosial şəbəkədə paylaşdığı bəyanatda bildirilib.
UNSMIL bütün tərəfləri dərhal döyüş əməliyyatlarını dayandırmağa və sakitliyi bərpa etməyə çağırıb, eyni zamanda mülki şəxslərin qorunmasının beynəlxalq öhdəlik olduğunu bir daha xatırladıb.
Bəyanatda qeyd olunur: “Mülki şəxslərə və mülki obyektlərə edilən hücumlar hərbi cinayət kimi qiymətləndirilə bilər. Missiya gərginliyin azaldılması istiqamətində yerli ağsaqqalların və icma liderlərinin səylərini tam dəstəkləyir”.
Qeyd edək ki, mayın 13-nə keçən gecə Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalar başlayıb və atışma səsləri şəhərdə hələ də eşidilir.