Bakı. Trend:
ABŞ, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı dolayı danışıqların davam etməsinə baxmayaraq, İrana qarşı sanksiyaları genişləndirib.
Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanatla çıxış edib.
"Dövlət Departamenti İranın Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı (SPND) ilə əlaqəli üç İran vətəndaşına və bir təşkilata qarşı sanksiyalar tətbiq edir. Bu qurum 2004-cü ilə qədər nüvə silahı yaratma məqsədi güdən və Amad layihəsi kimi tanınan proqramın davamçısıdır", – bəyanatda qeyd olunur.
Sənəddə bildirilir ki, sanksiyalara məruz qalan şəxslər "kütləvi qırğın silahlarının yayılmasına töhfə verən və ya bu riski daşıyan fəaliyyətlərdə iştirak edirlər".
Rubionun sözlərinə görə, ABŞ bu addımla SPND-nin nüvə silahı üzrə araşdırma və inkişaf potensialını zəiflətməyi və İranın nüvə silahı əldə etməsinin qarşısını almağı hədəfləyir.