...

Çin "Boeing" təyyarələrinin idxalına qoyulmuş qadağanı ləğv edib - "Bloomberg"

Dünya xəbərləri Materials 13 May 2025 13:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin ABŞ ilə ticarət danışıqlarında əldə olunmuş razılaşma fonunda “Boeing" təyyarələrinin ölkəyə idxalına qoyulmuş qadağanı ləğv edib.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məsələ ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu həftə Çin rəsmiləri yerli aviaşirkətlərə və dövlət qurumlarına ABŞ istehsalı olan təyyarələrin tədarükünün bərpa oluna biləcəyini bildiriblər. Aviadaşıyıcılara bu təchizatları öz cədvəllərinə və şərtlərinə uyğun şəkildə təşkil etməkdə sərbəstlik verilib.

Təyyarələrin Çinə yenidən tədarükü “Boeing” üçün dərhal stimul olacaq. Agentlik qeyd edir ki, iki nəhəng iqtisadiyyat – ABŞ və Çin – gömrük rüsumları üzrə “müvəqqəti barışığa” nail olublar: ABŞ Çindən gətirilən mallara tətbiq etdiyi 145 faizlik tarifləri 90 gün müddətinə 30 faizə endirib. Çin isə öz növbəsində ABŞ məhsullarına tətbiq etdiyi 125 faizlik tarifləri 10 faizə endirib və aprelin 2-dən qüvvədə olan digər qarşı tədbirləri də ləğv edib.

Xatırladaq ki, Çin 21 aprel tarixində ABŞ-nin tətbiq etdiyi qarşılıqlı idxal tariflərinə cavab olaraq Boeing təyyarələrinin qəbulunu dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti