Bakı. Trend:
ABŞ-nin Qrenlandiyanı tam və ya qismən ələ keçirməsi halında Danimarka Vaşinqtonla imzalanmış Müdafiə Əməkdaşlığı Müqaviləsini (DCA) ləğv edə bilər.
Trend xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bəyan edib.
Nazirin sözlərini Danimarkanın "Ritzau" agentliyi yayıb. O qeyd edib: “Qrenlandiyanın ABŞ tərəfindən ilhaqı, istər tam, istərsə də qismən olsun, Danimarkanın Müdafiə Əməkdaşlığı Müqaviləsini ləğv etməsi üçün hüquqi əsas yaradır”.
Qeyd edək ki, ABŞ və Danimarka arasında sözügedən müqavilə 2023-cü ilin dekabrında imzalanıb və hazırda onun ratifikasiyası Danimarka parlamentində müzakirə olunur.
Nazir daha əvvəl bildirmişdi ki, əgər ABŞ NATO-dan çıxarsa, Danimarka Vaşinqtonla hərbi əməkdaşlıq müqaviləsini vaxtından əvvəl dayandıra bilər.
10 illik saziş ABŞ ordusuna Danimarkanın Karup, Skridstrup və Olborq şəhərlərindəki üç hava bazasına "məhdudiyyətsiz giriş" hüququ verir. Müqavilənin tənqidçiləri hesab edirlər ki, bu razılaşma ABŞ hərbçilərinə Danimarkada həddindən artıq səlahiyyətlər verir.