Bakı. Trend:
Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri İsrailin Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endirdiklərini açıqlayıblar.
Trend-in məlumatına görə, bu barədə husilərin hərbi sözçüsü Yəhya Səriya Əl-Məsirə telekanalında çıxışı zamanı bildirib.
“Yəmənin raket qüvvələri işğal altındakı Yaffo bölgəsində yerləşən Ben Qurion hava limanına hipersəs ballistik raketlə uğurlu zərbə endirib. Nəticədə milyonlarla sionist sığınacaqlara qaçmağa məcbur olub və hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb”, – deyə Səriya iddia edib.
Bununla belə, İsrail tərəfi hücumla bağlı fərqli açıqlama verib. İsrail Müdafiə Ordusunun məlumatına əsasən, Yəmən ərazisindən buraxılan raket vaxtında aşkarlanıb və zərərsizləşdirilib. Rəsmi məlumatlara görə, hücum nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb. Hadisə zamanı ölkənin mərkəzi bölgələrində hava həyəcanı siqnalları səsləndirilib.
