...

Argentinada güclü daşqınlar azı üç nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 21 May 2025 08:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın xilasedici qrupları paytaxt Buenos-Ayresin ətrafında və əyalətin müxtəlif bölgələrində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirən üç nəfərin cəsədini aşkarlayıb. Daha iki nəfər isə hazırda itkin düşmüş hesab olunur.

Trend xəbər verir ki, bu barədə “Clarin” qəzetinin məlumat yayıb.

Qurbanlardan biri Roxas bələdiyyəsində sel sularının bürüdüyü çayı atla keçməyə cəhd edən ferma işçisidir. Onu xilas etməyə çalışan həmkarı da su axınında həlak olub. Hər iki şəxsin cəsədi hadisə yerindən iki kilometr məsafədə tapılıb.

Üçüncü meyit daşqın zamanı su axınına qapılan avtomobildə aşkar edilib. İlkin məlumatlara görə, həmin şəxs maşından çıxmağa macal tapmayıb.

Mayın 16-dan 18-dək Buenos-Ayres əyalətində yağan güclü yağışlar bölgədə ciddi fəsadlar yaradıb. Yalnız ilk 24 saat ərzində yağıntının miqdarı 400 millimetrdən çox olub. Daşqın nəticəsində yüzlərlə insan hələ də evlərinə qayıda bilməyib.

Qeyd edək ki, bu ilin mart ayında eyni əyalətdə yerləşən Baya Blanca şəhərində baş vermiş daşqınlar 18 nəfərin həyatına son qoymuşdu. Həmin hadisədə də bir sutkadan az müddətdə bölgəyə təxminən 300 mm yağıntı düşmüşdü.

Xəbər lenti

Xəbər lenti