Bakı. Trend:
İsveçrənin Alp dağlarında Rimpfişhorn yaxınlığında beş turistin cəsədi tapılıb.
Trend xəbər verir ki, bu barədə BFMTV İsveçrənin Vale kanton polisi məlumatına istinadla xəbər yayıb.
Bildirilir ki, Zermatt xizək kurortu ətrafında, Rimpfişhorn dağ silsiləsində beş xizəkçinin cansız bədəni aşkarlanıb. Onların şəxsiyyəti hələ dəqiqləşdirilir.
Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd olunur ki, mayın 24-də iki turist təxminən 4000 metr hündürlükdə tərk edilmiş xizəkləri görərək xilasedicilərə məlumat verib. Əraziyə edilən hava əməliyyatı zamanı beş nəfərin cəsədləri aşkar edilib.