Bakı. Trend:
Yüzlərlə taksi sürücüsü Parisin mərkəzinə toplaşaraq, oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalara və tarif dəyişikliklərinə qarşı etirazlarını bildiriblər.
Trend xəbər verir ki, aksiya iştirakçıları nümayişləri mayın 27-dək davam etdirməyi planlaşdırırlar.
Paytaxtın mərkəzində hərəkət edən taksilər ictimai nəqliyyatın işinə də ciddi maneələr yaradıb. Polis qüvvələri etiraz edən sürücüləri müşayiət edib.
Qeyd edək ki, ötən həftə keçirilən etiraz aksiyası zamanı taksi sürücüləri yolları bağlayıb, zibil qutularını yandırıblar və hüquq-mühafizə orqanları ilə qarşıdurmalar baş verib.
Milli Taksi Federasiyası ölkənin bir sıra şəhərlərində yeni etiraz aksiyalarının keçiriləcəyini elan edib.