Bakı. Trend:
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Cəbəllütariqin “Brexit”dən sonrakı statusuna dair razılaşma əldə ediblər.
Trend-in məlumatına görə, danışıqlar 2020-ci ildən – Britaniyanın Aİ-dən ayrılmasından sonra davam edirdi. Yeni razılaşmaya əsasən, Cəbəllütariq ilə İspaniya arasında sərhəddə nə insanlar, nə də mallar üçün sərhəd yoxlamaları aparılmayacaq. Bu qərar hər gün bölgədən keçən təxminən 15 min nəfərin hərəkətini asanlaşdıracaq.
Bundan əlavə, Cəbəllütariq hava limanına gələn sərnişinlər üçün pasport nəzarəti həm Cəbəllütariq, həm də İspaniya rəsmiləri tərəfindən birgə həyata keçiriləcək.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu razılaşmanı “praktiki həll” adlandıraraq, onun həm Britaniyanın suverenliyini, həm də Cəbəllütariqin iqtisadi maraqlarını qoruduğunu bildirib. Cəbəllütariqin Baş naziri Fabian Pikardo da razılaşmanı müsbət qarşılayıb.
Britaniya hökumətinin açıqlamasına görə, bütün tərəflər Cəbəllütariqlə bağlı yekun Aİ–Böyük Britaniya müqaviləsinin mətni üzərində işi tezliklə başa çatdırmağa sadiqdirlər.