Bakı. Trend:
Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəddə yerləşdirilmiş səsgücləndiricilər vasitəsilə aparılan təbliğat yayımlarını dayandırıb.
Trend-in məlumatına görə, bu barədə BBC xəbər yayıb. Bildirilib ki, qərarın məqsədi Koreya yarımadasında gərginliyi azaltmaq, qarşılıqlı etimadı bərpa etmək və sülhə nail olmaqdır.
Qeyd edək ki, Pxenyan bu tip yayımları “müharibə aktı” kimi qiymətləndirir və onları partlatmaqla hədələyib. Səsgücləndiricilərlə təbliğat fəaliyyəti bir müddət dayandırılsa da, ötən ilin iyun ayında Şimali Koreyanın içi zibillə dolu hava şarlarını sərhəd boyunca Cənubi Koreya ərazilərinə göndərməsi fonunda Seul bu yayımları yenidən bərpa etmişdi.