Bakı. Trend
Finlandiya Prezidenti Aleksandr Stabb bildirib ki, ölkəsi Rusiya-Ukrayna münaqişəsində atəşkəs razılaşması əldə olunsa belə, Ukraynaya hərbi kontingent göndərməyəcək.
Trend-in məlumatına görə, Stabb bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində danışıb.
“Hazırda qoşun göndərmək planı yoxdur”, – deyə dövlət başçısı vurğulayıb. O əlavə edib ki, Finlandiyanın əsas prioriteti Şimali-Şərqi Avropa regionunda təhlükəsizliyin qorunmasıdır.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin həlli planı üzərində çalışdığını açıqlayıb. Plana əsasən, Dnepr çayının qərb sahilində beynəlxalq mühafizə qüvvələri yerləşdirilə bilər. Onun sözlərinə görə, bu qüvvələrin tərkibinə Böyük Britaniya, Polşa, Fransa və Almaniya hərbçiləri daxil ola bilər.