Bakı. Trend:
Braziliya Prezidenti Luis İnasio Lula da Silva Argentinalı həmkarı, sabiq prezident Kristina Fernandes de Kirşnerə dəstəyini ifadə edib.
Trend xəbər verir ki, bu, Argentinanın Ali Məhkəməsinin onun barəsində çıxarılan korrupsiya hökmünü qüvvədə saxlamasından sonra baş verib.
Prezident Lula bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib: "Bu axşam mən Kristina Kirşnerə zəng etdim və onunla həmrəy olduğumu bildirdim."
O, sabiq prezidentin mübarizə əzmini yüksək qiymətləndirib: "Onun mübarizəni davam etdirməkdə nə qədər qətiyyətli olduğunu görməkdən məmnun oldum."
Qeyd edək ki, iyunun 10-da Argentinanın Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin Kristina Fernandes de Kirşneri korrupsiya işi üzrə 6 il həbsə və dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilməsinə dair hökmünü qüvvədə saxlayıb. Kirşner 2007–2015-ci illərdə Argentina Prezidenti olub.