Bakı.Trend:
Biz tarixin müəyyən mərhələlərində tarix yazmış millətin nümayəndəsi olmaqdan qürur duyuruq.
Trend xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və Gənc Ailə Forumunun bağlanış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova deyib.
Onun sözlərinə görə, hər bir ölkə öz miqyasında və TDT çərçivəsində qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün çalışır:
"Biz dünən 2 paneldə aparılan müzakirələrdə qarşıda duran vəzifələrin vacibliyini vurğuladıq. İnsanın borcunu yerinə yetirməsi üçün dövlət müəyyən icra mexanizmlərinin yaradılmasına cavabdehdir. Müzakirələr zamanı hər ölkənin nümayəndələrini dinlədikcə, layihəyə çevrilən mövqeləri gördüm. Biz Türk dünyasında bu nəticələrin yerinə yetirilməsində niyyətliyik. Min illərdir bu yolu gəlirik və gedəcəyik. Heç kim bizim milli kimliyimizi, ailə dəyərlərimizi sarsıda bilməyəcək".
"Burada ikinci Gənc Ailə Forumunun ikinci nazirlər toplantısı ilə üst-üstə düşməsini normal hesab edirəm. Onlarla birlikdə bu yolu getdikdə daha ali hədəflərə nail ola bilərik. Gənclər Forumdan razı qaldılar və belə tədbirlərin daha çox keçirilməsini istəyirlər"- B.Muradova deyib