Bakı.Trend:
2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində beynəlxalq karbon bazarlarına dair əldə olunmuş son razılaşma, ölkələrin bu bazarlarda iştirakının genişlənməsinə və aşağı gəlirli dövlətlərə investisiya axınının artmasına təkan verə bilər.
Trend xəbər verir ki, bu haqda Dünya Bankının son hesabatında qeyd olunur.
“Hazırda əldə olunmuş bu razılaşma Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq tran-ssərhəd karbon vahidləri ticarətinin qaydalarını aydınlaşdırır. Sazişin əldə olunmasından sonra diqqət onun praktiki icrasına yönələcək. Bu isə ölkələrdən institusional və normativ çərçivələrin yaradılmasını, habelə bazar infrastrukturlarının – o cümlədən uyğun reyestrlərin qurulmasını tələb edəcək”, – hesabatda qeyd olunur.
Dünya Bankının analitikləri vurğulayırlar ki, BMT nəzdində karbon bazarlarının yaradılması ölkələrin iştirakı üçün əlavə imkanlar açıb. Bu, son illərdə könüllü karbon bazarlarına qarşı artan tənqid fonunda xüsusilə əhəmiyyətlidir.
Xatırladaq ki, 2024-cü ilin noyabrında COP29-un sədrliyi, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək etimadlı karbon bazarlarının yaradılması ilə bağlı uzun illər davam edən danışıqların başa çatdığını elan edib. Bu məsələ 2024-cü ildə sədrliyin əsas prioritetlərindən biri olub. Texniki və siyasi müstəvidə aparılan intensiv paralel danışıqlar nəticəsində illərlə davam edən çıxılmaz vəziyyət aradan qaldırılıb və Paris Sazişinin hələ də açıq qalmış sonuncu bəndi üzrə müzakirələr uğurla yekunlaşdırılıb.
Qeyd edək ki, Paris Sazişinin 6-cı maddəsi iqlim hədəflərinə nail olmaq üçün beynəlxalq əməkdaşlıq çərçivəsində şəffaf və etibarlı karbon bazarlarının yaradılmasını nəzərdə tutur. Belə əməkdaşlığın milli iqlim öhdəliklərinin (NDC) yerinə yetirilməsinə çəkilən xərcləri illik 250 milyard ABŞ dollarına qədər azaltmaq potensialı var.