Bakı. Trend:
İyirmi birinci əsr türk xalqları üçün yeni imkanlar əsridir.
Trend xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də Astana şəhərində keçirilən TÜRKPA-nın 14-cü plenar iclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iyirmi birinci əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Spiker qeyd edib ki, bu baxış həm bizim ümumi mirasımıza, həm də türk dövlətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə artan potensialına əsaslanır.
Sahibə Qafarova deyib ki, türk xalqlarının yeni yüksəlişinin yolu birlik və həmrəylikdən keçir.
Milli Məclisin sədrinin sözlərinə görə, bu gün dünyanın sürətlə dəyişdiyi bir dövrdə geosiyasi proseslər getdikcə daha mürəkkəb şəkil alır, qlobal çağırışlar kollektiv cavablar tələb edir, dayanıqlı inkişaf isə təkcə resurslardan deyil, həm də birlik, həmrəylik və strateji düşünmə qabiliyyətindən asılı olur. Bu baxımdan türk dünyası nadir bir potensiala malikdir. Bu, sadəcə olaraq dövlətlərin birliyi deyil, ortaq dil, tarix və milli-mənəvi dəyərlər ilə bağlı olan sivilizasiya məkanıdır.