Bakı. Trend:
İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) öz işinə başlayıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunan VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) iyunun 14-dək davam edəcək. UNEC-in 95 illik yubileyinə həsr olunan builki konfrans “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusuna həsr olunub.
Konfrans iştirakçıları öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında UNEC rektoru professor Ədalət Muradov, elm və təhsil nazirinin mavini Həsən Həsənli, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, UI GreenMetric Dünya Universitetləri reytinqinın təsisçisi professor Riri Fitri Sari, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və “Weevo Srl Benefit” şirkətinin həmtəsisçisi Gabriele Carboni çıxış ediblər.
Rektor Ədalət Muradov builki konfransda 24 ölkədən 57 xarici tədqiqatçının iştirak etdiyini, konfransa təqdim olunan elmi məqalələrdən 224-nün seçilərək, xülasələr kitabında təqdim olunduğunu deyib. Rektor UNEC-in strateji hədəflərindən söz açıb və universitetin bu hədəflərə doğru inamla irəlilədiyini bildirib. O, UNEC-in elmi fəaliyyətinə dair statistik məlumatları bölüşərək, "Web of Science" və "Scopus" indeksli elmi məqalələrin sayının artım tempinə görə UNEC-in dünyada lider olduğunu deyib.
Ə.Muradov ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda təhsil və elm sahəsində süni intellektin tətbiqi ilə bağlı tapşırıqların olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə UNEC-də həyata keçiriləcək layihələrdən söz açıb. Ə.Muradov 2024-cü ilin ikinci yarısından etibarən universitetdə elmi fəaliyyətin rəqəmsallaşdırılması layihəsinə start verildiyini diqqətə çatdırıb: "Bu sistem elmi fəaliyyətin rəqəmsal əsasda idarəolunması, maliyyələşdirilməsi və stimullaşdırılmasına xidmət edəcək. Məqsədimiz həm də araşdırmaların vahid platformada toplanması və şəffaflığın təmin edilməsidir".
Rektor rəqəmsal platformanın bir neçə əsas funksiyanı özündə birləşdirəcəyini diqqətə çatdırıb. O, qeyd edib ki, rəqəmsal platforma elmi fəaliyyətin effektiv və şəffaf idarə olunmasını təmin etməklə yanaşı, məqalə və istinad sayı, qrantlar və digər fəaliyyətlərin illik performans dəyərləndirməsini asanlaşdıracaq. Ə.Muradov ölkədə elmi fəaliyyətin şəffaflığının təmin olunması məqsədilə vahid plagiat sisteminin yaradılmasının vacibliyini bildirib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli ali təhsilin əsas hədəflərindən söz açaraq, bu istiqamətlərdən birinin də beynəlxalq reytinqlərdə irəliləmək olduğunu deyib. H.Həsənli bununla bağlı sistemli yanaşmanın və kompleks çalışmanın vacibliyini diqqətə çatdırıb: "Əminik ki, sistemli yanaşma nəticəsində yaxın dövrdə təhsildə və elmi fəaliyyətlərdə beynəlxalq rəqabətədavamlı uğurlar əldə edəcəyik. Bu prosesdə tədqiqatçıların rolu danılmazdır". Nazir müavini keçirilən konfransın bu mənada əhəmiyyətli rol oynayacağını qeyd edib.
Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP 29-un uğurlu nəticələrindən və Azərbaycanın bu tədbirə verdiyi töhfələrdən danışıb. Konfransın mövzusunun aktuallığına diqqət çəkən nazir müavini COP-da irəli sürülmüş 14 təşəbbüsün 3-nün enerji ilə bağlı olduğunu və konfransın məhz həmin mövzuları əhatə etdiyini diqqətə çatdırıb. Y.Rəfiyev konfransda səsləndiriləcək fikirlərin ölkəmizin davamlı və dayanıqlı inkişafına mühüm töhfələr verəcəyindən əminliyini ifadə edib.
UI GreenMetric Dünya Universitetləri reytinqinın təsisçisi professor Riri Fitri Sari 2010-cu ildən fəaliyyət göstərən reytinqin universitetlərin ekoloji dayanıqlılıq və yaşıl təşəbbüslər sahəsində fəaliyyətlərinin qiymətləndirilməsində mühüm rol oynadığını deyib. O, UI GreenMetricsin təkcə rəqabət deyil, həm də universitetlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün əvəzsiz platforma olduğunu qeyd edib: “Məqsəd ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyətini təşviq etməkdir”.
Azərbaycan universitetlərinin davamlılıq sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkən təsisçi, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi proqramların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini qeyd edib. O, universitet rəhbərləri, akademik heyət və tələbələr üçün əməkdaşlıq mühitinin yaradılmasının cəmiyyət, planet və iqtisadi rifah arasında balanslı inkişafı təmin etmək baxımından vacib olduğunu bildirib.
Sonra Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və “Weevo Srl Benefit” şirkətinin həmtəsisçisi Gabriele Carboni mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
İştirakçılar konfrans çərçivəsində çap olunmuş "Dairəvi İqtisadiyyat", "Akademik yazı", konfransa təqdim edilmiş 224 məqalədən ibarət "Xülasələr kitabı", eləcə də "Akademik yazı" və UNEC tərəfindən ingilis dilindən tərcümə olunmuş "Davamlı Enerji", "Bazarın hüdudları" kitabları ilə tanış olublar.
Konfransın ikinci hissəsində “COP29 Azərbaycan töhfəsi: İqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatin drayverləri: Rəqəmsal transformasiya və dayaniqli ekosistem” mövzuarında panel sessiyalar olub. Birinci paneldə iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın mövqeyi və COP29 kontekstində maliyyə mexanizmləri müzakirə olunub. Digər paneldə isə dairəvi iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdən bəhs edilib, həmçinin rəqəmsal texnologiyalar, innovasiya və ekoloji dayanıqlılıq mövzularında fikir mübadilələri aparılıb.
Konfrans öz işini iyunun 13-14-də panel müzakirələr və vörkşoplarla davam etdirəcək. Müzakirələr süni intellekt, iqtisadi sistemlərin optimallaşdırılması, dairəvi iqtisadiyyatda gender bərabərliyi və sosial inklüzivlik, sosial məsuliyyətli və dayanıqlı biznes modelləri, dairəvi iqtisadiyyatın təşviqində təhsilin rolu, istehlakçı məlumatlılığı və dayanıqlı məhsul seçimi, eko-innovasiyalar, yaşıl texnologiyalar, dayanıqlı istehlak və istehsal (SCP) siyasətinə həsr olunacaq.