Bakı. Trend:
Bu gün dünyada ənənəvi enerji mənbələri kifayət qədər çox deyil və buna görə də alternativ, fərqli enerji mənbələrinə ehtiyac var.
Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov ADA universitetində Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə keçirilən dəyirmi masada deyib.
O bildirib ki, bu gün "təmiz enerji" mövzusu ilk növbədə ona görə önəmlidir ki, dünyada ənənəvi enerji mənbələri kifayət qədər çox deyil:
"İstəsək də, istəməsək də alternativ, fərqli enerji mənbələrinə ehtiyac var. Artıq sırf qalıq yanacaqlarla – neft, qaz, daş kömür hesabına bu tələbatı qarşılamaq mümkün deyil. Tələbat artır və bu artım enerji təhlükəsizliyi nöqteyi-nəzərindən də ciddi əhəmiyyət kəsb edir.
Bu baxımdan enerji mənbələrinin diversifikasiyası çox vacibdir. Çünki neft, qaz hər yerdə yoxdur, amma günəş və külək demək olar ki, hər yerdə mövcuddur. Əsasən də bərpa olunan enerjidən danışarkən günəş və külək enerjisi nəzərdə tutulur".
Nazir müavini qeyd edib ki, digər mühüm səbəb isə atmosferə buraxılan istixana qazlarıdır ki, bunlar Yer kürəsinin temperaturunu artıq təxminən 1,5 dərəcə artırıb.
"Bunun daha da artması faciəvi nəticələrə gətirib çıxara bilər. Enerji istehlakına baxsaq, əsasən “3+1” sahəni görürük ki, burada enerji intensiv şəkildə istifadə olunur. Bunlar elektrik enerjisi istehsalı, nəqliyyat, ev təsərrüfatı və sənaye sahələridir. Ev təsərrüfatında əsas məsələ istilik və isinmə ilə bağlıdır: xüsusən də ənənəvi yanacaqlardan istifadə kontekstində. Digər hissələri isə əsasən elektrik enerjisi vasitəsilə həll etmək mümkündür və bu elektrik enerjisi hər zaman "yaşıl mənbələr"dən əldə oluna bilər.
Lakin elektrikləşdirilə bilməyən sahələr də mövcuddur. Bu baxımdan ev təsərrüfatı ən ciddi sahələrdən biridir. Digər tərəfdən, sənaye sahəsində də oxşar problemlər var. Məsələn, polad və ya dəmir sənayesində elektrik enerjisindən istifadə mümkündür, lakin hazırda mövcud olan texnologiyalar qazın və ya daş kömürün yaratdığı yüksək temperaturu tam şəkildə əvəz edə bilmir. Buna görə də bu sahələrdə hələlik ənənəvi yanacaqlara ehtiyac qalır", - E. Soltanov əlavə edib.
