Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın administrasiyasına Venesuelaya qarşı Konqresin təsdiqi olmadan hərbi güc tətbiq edilməsini qadağan edən birgə qətnaməni rədd edib.
Trend xəbər verir ki, sənəd üzrə səsvermədə 215 konqresmen lehinə, 215 nəfər isə əleyhinə səs verib.
Səs çoxluğu təmin olunmadığı üçün qətnamə qəbul edilməyib.
Qeyd edək ki, ötən həftə ABŞ Senatı da analoji qətnaməni bloklayıb. Sənədi 50 senator dəstəkləyib, 50 senator isə əleyhinə səs verib. Senata sədrlik edən ABŞ-nin vitse-prezidenti Cey Di Vens Konstitusiyaya əsasən həlledici səsvermə hüququndan istifadə edib.
Birgə qətnamənin qanun qüvvəsi alması üçün Konqresin hər iki palatası tərəfindən qəbul edilməsi və prezident tərəfindən təsdiqlənməsi tələb olunur.
