Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti olan “BlackRock” və ona bağlı struktur – “Global Infrastructure Partners” (GIP) ilə strateji əməkdaşlıq haqqında protokol imzalayıb. Sənəd çərçivəsində infrastruktur və rəqəmsal layihələrə 1,5 milyard ABŞ dollarına qədər investisiya yatırılması planlaşdırılır.
Azərbaycanın tanınmış iqtisadçı eksperti İnqilab Əhmədov Trend-ə bildirib ki, bu, Azərbaycanın bütün strateji sənədlərində qeyd olunan prioritetləri ilə tam olaraq üst-üstə düşür
Onun sözlərinə görə, rəqəmsallaşma, süni intellektin inkişafı və bu istiqamətlə bağlı digər sahələr üzrə vəzifələr bu əməkdaşlığın əsas prioritetlərinə tam uyğundur.
“Bu səbəbdən belə əməkdaşlıq müəyyən mənada gözlənilən idi və olduqca perspektivlidir. Simvolik məqam ondan ibarətdir ki, bu prioritet məhz “BlackRock” ilə imzalanmış niyyət protokolunda təsbit olunub.
Xatırladım ki, Azərbaycan ötən ildən bu şirkətlə əməkdaşlığa başlayıb. Oktyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun ilk aktivləri “BlackRock” və onun əlaqəli şirkəti “Digital Infrastructure Platform” (DIP) vasitəsilə Böyük Britaniyanın Qatvik hava limanına 50 milyon funt sterlinq həcmində yatırılıb. Layihə uğurlu alındı və bu fond vasitəsilə süni intellekt və avtomatlaşdırmanın inkişafı da daxil olmaqla müxtəlif perspektivli layihələrə investisiya yatırılmasının mümkün olması üçün, bu il münasibətlər strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirildi”, – deyə İ.Əhmədov bildirib.
O qeyd edib ki, planlaşdırılan 1,5 milyard dollarlıq investisiya məbləği kifayət qədər böyükdür.
Ekspertin sözlərinə görə, bu cür iri həcmli yatırımlar təkcə iqtisadi baxımdan sərfəli deyil, eyni zamanda siyasi-iqtisadi və geosiyasi aspekt daşıyır.
“Bu gün Azərbaycan mövcud əlverişli imkanlardan uğurla istifadə edir”, – deyə o vurğulayıb.
“Hava limanı infrastrukturu və aktivlərin idarə edilməsi sahəsində əməkdaşlıq prioritet istiqamət hesab olunur, belə ki bu, nəqliyyat sektorunun modernləşdirilməsinə və Azərbaycanın qlobal logistika-infrastruktur zəncirlərinə inteqrasiyasına mühüm təsir göstərə bilər.
Rəqəmsal layihələr kimi, nəqliyyat infrastrukturuna yatırılan investisiyalar və tərəfdaşlıqlar da ölkənin milli prioritetləri və strateji məqsədləri ilə üst-üstə düşür. Bura qlobal əhəmiyyət daşıyan Orta Dəhlizin, Ələt limanının, Şərq-Qərb dəhlizinin və Zəngəzur dəhlizinin inkişafı daxildir. Bu cür qarşılıqlı fəaliyyət daşımaların səmərəliliyini artırmağa, xidmət keyfiyyətini yüksəltməyə və Azərbaycanın Avropa ilə Asiya arasında əsas tranzit qovşağı rolunu gücləndirməyə imkan verir”, – deyə o əlavə edib.
İ.Əhmədov bildirib ki, “BlackRock” ilə Qatvik hava limanında həyata keçirilən ilk birgə layihə uğurlu olub və seçilmiş investisiya və tərəfdaşlıq yanaşmasının düzgünlüyünü təsdiqləyib.
“Aktivləri 14 trilyon ABŞ dollarından artıq olan dünyanın ən böyük beynəlxalq investisiya şirkəti ilə əməkdaşlıq yalnız kommersiya deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın regionda əsas oyunçu kimi reputasiyasını möhkəmləndirir”, – deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, qlobal enerji keçidi fonunda bərpa olunan enerji layihələrinə, o cümlədən iri regional təşəbbüslərə maraq artmaqdadır. Azərbaycan qarşısına iddialı məqsədlər qoyub: Xəzər və Qara dəniz üzərindən, həmçinin sualtı kabellər vasitəsilə Avropa ilə enerji bağlantısının qurulması.
“"BlackRock" ilə əməkdaşlıq bərpa olunan enerji, tranzit enerji və ənənəvi neft-qaz sektorundan kənara çıxan infrastruktur sahələrində tərəfdaş investisiyalar üçün imkanlar açır. Bu istiqamət həm kommersiya baxımından sərfəlidir, həm də prestij baxımından önəmlidir, belə ki enerji keçidi üzrə məqsədlərə nail olmağa imkan verir. Bu gün dünyada bərpa olunan enerjiyə yatırılan investisiyalar artıq ənənəvi neft-qaz investisiyalarını üstələyir və bu, Azərbaycan üçün yeni imkanlar yaradır”, – deyə İ.Əhmədov yekunlaşdırıb.
