Bakı. Trend:
Danimarka ABŞ ilə Krallıq arasında 1951-ci il müdafiə müqaviləsinin genişləndirilməsini dəstəkləyəcək.
Trend xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Brüsseldə həmkarları ilə görüşdən əvvəl açıqlayıb.
Frederiksen bildirib: "Bizim 1951-ci ildən bəri müdafiə müqaviləmiz var. Əgər onu genişləndirə bilsək, əlbəttə ki, ondan imtina etməyəcəyik".
Məlumata görə, saziş ABŞ-nin Qrenlandiyada mövcudluğunun çərçivəsini müəyyən edir. Saziş ABŞ-nin NATO-nun himayəsi altında Danimarkaya Qrenlandiyanın müdafiəsində kömək etməsini nəzərdə tutur. ABŞ bütün Qrenlandiyaya sərbəst giriş hüququna malik olsa da, Danimarkanın razılığı olmadan yeni obyektlər yarada bilməz.
Baş nazir vurğulayıb ki, Danimarka və Qrenlandiya ABŞ ilə belə bir razılaşma çərçivəsində işləyə biləcəklərini açıq şəkildə bildiriblər. "Lakin bizim Qrenlandiyanın suverenliyi və öz müqəddəratını təyin etməsi ilə bağlı prinsiplərimiz var və biz onlara riayət edirik", - deyə o qeyd edib.
