Bakı. Trend:
İran ABŞ ilə danışıqlara hazırdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən Sülh Şurasının təsis edilməsi mərasimində deyib.
“İran danışmaq istəyir və o danışacaq”, - deyə o vurğulayıb. ABŞ prezidentinin sözlərinə görə, iyun ayında “əsas məqsəd sülhə nail olmaq yolunda böyük qələbə” əldə edilib.
Tramp əlavə edib ki, ABŞ “Operation Midnight Hammer” əməliyyatı çərçivəsində İranın nüvə potensialını tamamilə məhv edib.
“B-2 bombardmançı təyyarələrindən atılan hər bir bomba mədənlərə dəqiq düşərək yerin dərinliklərinə nüfuz etdi və onların məşğul olduqları hər şeyi tamamilə dağıtdı. Onlar nüvə silahı yaratmağa cəmi iki ay qalmışdı. Biz buna imkan verə bilməzdik”, - deyə o izah edib.
ABŞ-nin 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi zərbələri şərh edən Tramp əmin edib ki, İranın nüvə silahı yaratmağına iki ay qalmışdı.
Bundan əvvəl, yanvarın 21-də İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə qarşı sərt xəbərdarlıqla çıxış edib. Onun sözlərinə görə, İslam Respublikası hücuma məruz qalsa İran silahlı qüvvələri bütün mümkün vasitələrlə tərəddüd etmədən qarşılıq verəcək.
2025-ci ilin dekabr ayının sonunda İran milli valyuta – İran rialının kəskin dəyərdən düşməsi nəticəsində baş verən kütləvi etiraz dalğası ilə üzləşib. Buna cavab olaraq hökumət təhlükəsizlik tədbirlərini sərtləşdirib, polis əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qaz və ölümcül olmayan silahlardan istifadə ediblər. İran hakimiyyəti baş verən iğtişaşlara görə məsuliyyəti xarici qüvvələrin üzərinə qoyur. İran Xarici İşlər Nazirliyi etirazçıların fəaliyyətinin təşkilində ABŞ və İsrailin iştirak etdiyini bəyan edib.
