Bakı. Trend:
2025-2026-cı tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.
Məlumata əsasən, 2025-2026-cı tədris ilinin payız semestri üzrə
təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu 31 yanvar
2026-cı il tarixində saat 23:59-da başa çatacaq. Müraciət etmək
istəyən şəxslərə prosesi qeyd olunan tarix və vaxta qədər
tamamlaması tövsiyə olunur.
2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni
qeydiyyat isə 1 fevral 2026-cı il tarixi saat 00:00-dan
başlayacaq.
Müraciət etmək istəyən tələbələr aşağıdakı ardıcıl əməliyyatları
yerinə yetirməlidirlər:
1. İlk dəfə müraciət edənlər üçün notarial qaydada təsdiqlənmiş
(notariat ofisi, “ASAN xidmət” mərkəzi və ya “Mobil notariat”
tətbiqi vasitəsilə) razılıq ərizənin alınması. (təkrar müraciət
üçün tələb olunmur)
2. Razılıq ərizəsinin nömrəsi ilə e-ttkf.edu.az portalına daxil
olub və müraciətin göndərilməsi. (təkrar müraciətdə əvvəlki razılıq
ərizəsinin nömrəsi istifadə olunur)
Müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər
gün qəbul olunur.
Qeyd: Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi
qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.
TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək
göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası
fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan
18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34
ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala
bilərlər.
Qeydiyyat linki: www.e-ttkf.edu.az
