Bakı. Trend:
Belçikada ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrinin alınması ilə bağlı qərar siyasi mübahisələrə yol açıb.
Trend xəbər verir ki, hökumətin müdafiə xərclərini artırmaq çərçivəsində 11 yeni F-35 təyyarəsi almaq planı bir qrup belçikalı deputatın etirazına səbəb olub və onlar bu alışın ləğvi üçün parlamentə qətnamə layihəsi təqdim ediblər.
Belçika hökuməti ötən ilin iyul ayında iqtisadiyyat naziri vasitəsilə donanmadakı döyüş təyyarələrinin sayını artırmaq məqsədilə ABŞ-dan əlavə 11 ədəd F-35 qırıcısının alınacağını açıqlamışdı. Lakin yanvarın 19-da Belçika Əmək Partiyasının (PTB) deputatları bu qərara qarşı çıxaraq alışın dayandırılmasını tələb edən qətnamə layihəsi irəli sürüblər.
Qətnamə müəllifləri proqramın yüksək maliyyətini, F-35 təyyarələrinin texniki problemlərini və Belçikanın ABŞ-dan artan asılılığını tənqid edirlər. Deputatlar hesab edirlər ki, təxminən 1,67 milyard avro dəyərində olan bu müqavilə əvəzinə 40 ibtidai məktəb tikmək, 10 min uşaq bağçası yeri yaratmaq və ya müasir bir xəstəxana inşa etmək mümkün olardı. Onların əsas narahatlığı ölkənin müdafiə sahəsində ABŞ-dan asılı vəziyyətə düşməsidir. Deputatların fikrincə, F-35 təyyarələrində istifadə olunan bəzi xüsusi sistemlər Belçikanın suverenliyi və məlumat təhlükəsizliyi baxımından risklər yarada bilər.
Qeyd edək ki, Belçika artıq 2018-ci ilin oktyabrında F-16 təyyarələrini əvəz etmək məqsədilə 34 ədəd F-35 qırıcısı almaq qərarına gəlib. Sonrakı addım olaraq 11 yeni təyyarənin sifarişi gündəmə gəlib. Mövcud prosedurların mürəkkəbliyi və eyni tipli donanmanın saxlanmasının təlim və texniki xidmət baxımından daha məqsədəuyğun olması səbəbindən hökumətin bu qərardan geri çəkiləcəyi ehtimalı az görünür.
