Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra hesablarının bağlanması ilə əlaqədar olaraq ən böyük Amerika banklarından biri olan “JPMorgan Chase” və bankın icraçı direktoru Ceymi Daymon barəsində 5 milyard dollar məbləğində məhkəmə iddiası qaldırıb.
Trend xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp bankı hesabların siyasi motivlərlə bloklanmasında ittiham edir. İddia Florida ştatı məhkəməsinə prezidentin özü və hotel biznesi sahəsində fəaliyyət göstərən bir neçə şirkətin adından təqdim olunub. Sənəddə bildirilir ki, bank öz etik kodeksini pozub, bunu isə birtərəfli qaydada, xəbərdarlıq etmədən və vəziyyəti düzəltmək imkanı vermədən edib.
Həmçinin, iddiada “JPMorgan Chase” və onun rəhbəri Ceymi Daymon “qanunsuz və əsassız” şəkildə məxfi məlumatların, o cümlədən Trampın adının digər maliyyə qurumları üçün əlçatan olan qara siyahıda açıqlanmasında ittiham olunurlar.
