Bakı. Trend:
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın müdafiəsini gücləndirmək tədbirlərini genişləndirməyə, o cümlədən NATO-nun daimi missiyasının yaradılması imkanına hazır olduqlarını bildirib.
Trend xəbər verir ki, bu barədə məlumat “Bloomberg”ə istinadən yayımlanıb.
Baş nazir media qarşısında çıxışı zamanı deyib: "Qrenlandiyada NATO missiyası, hərbi mövcudluğun və təlim fəaliyyətlərinin artırılması kimi vacib təşəbbüslər vasitəsilə Arktikada təhlükəsizliyi gücləndirmək istəyirik. Biz digər məsələlərin də müzakirəsinə, həmçinin daimi əsasda daha çox şey etməyə hazırıq".
Nilsen ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte arasında razılaşdırılan sazişin detallarını bilmədiyini bildirib. Lakin o vurğulayıb ki, ada ilə bağlı yalnız Qrenlandiya və Danimarka saziş bağlaya bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevral ayından etibarən bir sıra Avropa ölkələrinə qarşı yeni rüsumlar tətbiq etməyi planlaşdırırdı. Lakin Qrenlandiya ilə bağlı dialoqun başlanması və yanvarın 21-də Davosda NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlardan sonra yeni tariflərin tətbiqindən imtina edilib.
