Bakı. Trend:
Qırğızıstan inklüziv qanunvericiliyin formalaşdırırlması və qadın hüquqlarının qorunması üzərində fəal iş aparır.
Trend xəbər verir ki, bunu Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Kıyal Januzakova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasında deyib.
“Bizim əsas inkişaf istiqamətlərimizdən biri də gender bərabərliyinin təmin olunmasıdır. Qırğızıstan inklüziv qanunvericiliyin formalaşdırılması və qadın hüquqlarının qorunması üzərində fəal iş aparır”, – deyə o söyləyib.
Januzakovanın sözlərinə görə, qadınların siyasi təmsilçiliyi sahəsində də əhəmiyyətli irəliləyiş əldə olunub. Seçki qanunvericiliyi artıq milli səviyyədə gender kvotalarını nəzərdə tutur — deputat mandatlarının ən azı 30 faizi qadınlara ayrılıb.
“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə milli öhdəliklərə uyğun olaraq, biz 2030-cu ilə qədər gender bərabərliyinə nail olmaq üzrə Milli Strategiya və qadın sahibkarlığı və liderliyinin dəstəklənməsinə yönəlmiş müxtəlif proqramları təşviq edirik. Bu tədbirlər əsas istiqamətləri əhatə edir: yoxsulluğun azaldılması, qadınlar arasında rəqəmsal bacarıqların inkişafı, bərabər imkanların yaradılması və bütün vətəndaşların, o cümlədən, yaşlıların və əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması”, — nazir müavini bildirib.