...

bp AzTU-da müasir rəqəmsal kitabxananın yaradılmasını nəzərdə tutan yeni sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib (FOTO)

İqtisadiyyat Materials 12 İyun 2025 14:37 (UTC +04:00)
bp AzTU-da müasir rəqəmsal kitabxananın yaradılmasını nəzərdə tutan yeni sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

bp bu gün mühəndislik sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Texniki Universitetində (AzTU) müasir rəqəmsal kitabxananın yaradılmasını nəzərdə tutan yeni sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib.

Trend xəbər verir ki, bu təşəbbüs bp-nin Azərbaycanda təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.

Bu innovativ layihənin məqsədi tələbələrin və professor-müəllim heyətinin tədris, öyrənmə və digər akademik materiallara, mənbələrə və resurslara çıxışını, bu resursların idarə olunması və paylaşma üsullarını modernləşdirməklə onlardan istifadəni sürətli və asan etməkdir.

Hazırda universitetin mövcud kitabxanasında 500000-dən çox kitab saxlanılır, eləcə də 20 tədris və multimedia otağı və ixtisaslaşdırılmış laboratoriyalar fəaliyyət göstərir. Yeni rəqəmsal kitabxana bu resursları elektronlaşdırmaqla sürətli və fasiləsiz bilik və məzmun mübadiləsi və birgə işləmək imkanları yaradaraq aşağıdakı funksiyaları təmin edir:

geniş rəqəmsal bilik bazasına məsafədən və birbaşa çıxış imkanı.
akademik və tədqiqat materialları üçün təkmilləşdirilmiş axtarış imkanları.
kontenti paylaşmaq və tədqiqat məlumatlarını saxlamaq üçün birgə istifadə vasitələri.

Bu gün universitetdə kitabxananın açılış mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz dedi:

“Bu layihə Azərbaycanda təhsilin gələcəyinə və yeni nəsil mühəndis və yenilikçi mütəxəssislər yetişdirilməsinə dəstək öhdəliyimizi əks etdirir. Qürur duyuruq ki, AzTU-nu daha sıx birləşmiş və innovativ təhsil mühiti qurmaq niyyətilə üz tutduğu rəqəmsal transformasiya yolunda dəstəkləyə bilmişik. Belə bir mühitin yaradılmasına doğru atılmış bu addım universitetə öz akademik infrastrukturunu modernləşdirməyə şərait yaradaraq biliklərin və tədqiqat imkanlarının daha əlçatan olmasını təmin edir. Biz xüsusilə məmnunuq ki, 10000-dən çox tələbəyə və 600 nəfər professor-müəllim heyətinə müasir rəqəmsal vasitələrdən və distant təhsil imkanlarından faydalanmağa kömək edirik”.

Layihə çərçivəsində universitet əməkdaşları üçün təlim aspekti də nəzərdə tutulub. Onlara kitabxana resurslarını daha səmərəli idarə etmək üçün yeni rəqəmsal metodlar öyrədilib.

İcra müddəti 18 ay olan bu layihəni öz sosial sərmayə fəaliyyətlərinin bir hissəsi olaraq bp şirkəti maliyyələşdirib. Layihənin ümumi dəyəri 408000 AZN-dir (240000 ABŞ dolları).

Xəbər lenti

Xəbər lenti