Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri İrana aviazərbələri davam etdirir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, general-mayor Effi Defrin mətbuat konfransında danışıb.
“Hazırda İsrail Müdafiə Qüvvələri əməliyyatın qoyulmuş məqsədlərinə nail olmaq üçün hücum planını həyata keçirməyə davam edir, eyni zamanda gücləndirilmiş şəkildə İsrailin müdafiəsini təmin edir,” – deyə o bildirib.
İrandan neçə gün ballistik raket hücumunun gözlənildiyi ilə bağlı sualı cavablandıran Defrin deyib: “Əməliyyat hələ yeni başlayır.” O əlavə edib ki, ordu İranın planlarını izləyir və “İrandan gələcək cavablara hazırlaşır”.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.