Bakı. Trend:
Almaniyanın kansleri Fridrix Mertz, Fransanın prezidenti Emmanuel Makron və Britaniya baş naziri Kir Starmer arasında telefon danışığı olub. Danışıq zamanı lidelrərin İsrailin İrana endirdiyi zərbələr müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə Almaniya KİV yerli hökümət rəsmisinə istinadən məlumat yayıb.
“Onlar bu gün İsrailin İranın nüvə proqramına hədəflənmiş zərbələrini və İranın buna hərbi cavab tədbirlərini müzakirə ediblər və onlar bu məsələni gündəmdə saxlamaq barədə razılığa gəliblər”, - məlumatda bildirilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.