Bakı. Trend:
Yeni Zelandiyanın “Dawn Aerospace” şirkəti ABŞ-nin Oklahoma ştatının Kosmik Sənayenin İnkişafı İdarəsi (OSIDA) ilə ilk “Mark 2 Aurora” suborbital kosmos təyyarəsinin çatdırılması üzrə müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb.
17 milyon dollar dəyərindəki müqaviləyə əsasən, təyyarənin 2027-ci ildə təhvil verilməsi və yerli operatorlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. “Mark 2 Aurora” kosmik təyyarəsi 5 kiloqrama qədər faydalı yükü 100 kilometr yüksəkliyə çıxarmaq imkanına malikdir və elmi, kommersiya və müdafiə məqsədli missiyalarda istifadə olunacaq.
“Məqsədli sərmayələr vasitəsilə dövlətimiz kosmosa müntəzəm və etibarlı çıxışı təmin edəcək”, – deyə Oklahoma ştatının leytenant qubernatoru Mett Pinnel bildirib.
OSIDA gələcəkdə Börns Fletdən ildə 100-ə qədər uçuşun həyata keçirilməsini planlaşdırır. Kosmik təyyarə mülki aviasiya modelinə uyğun idarə olunacaq, yerli mütəxəssislər tərəfindən idarə ediləcək və tez yanacaqla doldurulma imkanına sahib olacaq.
“Mark 2 Aurora” hidrogen peroksid və kerosinlə işləyən reaktiv mühərriklə təchiz olunub. 2024-cü ildə keçirilən sınaqlar zamanı təyyarə Mach 1.1 sürətinə və 25 kilometrdən çox yüksəkliyə çatıb.