Bakı. Trend:
Qəzza zolağında atəşkəsin əldə olunması məqsədilə İsrail və HƏMAS hərəkatı arasında Dohada keçirilən dolayı danışıqların birinci raundu nəticəsiz başa çatıb.
Trend-in “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, məsləhətləşmələrin gedişi ilə tanış olan Fələstin rəsmiləri bildiriblər ki, tərəflər atəşkəsin konkret şərtləri üzrə razılıq əldə edə bilməyiblər. Buna səbəb kimi, İsrail nümayəndə heyətinin HƏMAS-la "müqavilə bağlamaq səlahiyyəti"nin olmaması göstərilib.
Danışıqlar iyulun 6-da axşam saatlarında Dohada davam edib. Görüşlərdə əsas müzakirə mövzuları 60 günlük atəşkəsin tətbiqi, 10 israilli girovun azad olunması və 18 fələstinli qurbanın qalıqlarının təhvil verilməsi ilə bağlı HƏMAS-ın irəli sürdüyü təkliflər olub. HƏMAS iyulun 4-də bu plan üzrə vasitəçilərə müsbət cavab verdiyini açıqlamışdı.
Layihəyə əsasən, atəşkəs qüvvəyə mindikdən sonra müharibəyə tamamilə son qoyulması və İsrail ordusunun Qəzza zolağından çıxarılması ilə bağlı əlavə danışıqlar aparılması da nəzərdə tutulur.
Qeyd edək ki, bu danışıqlar İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində baş tutub. Daha əvvəl “The National” nəşri mənbələrə istinadla yazmışdı ki, əgər Doha danışıqları uğurla nəticələnsə, ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs elan edə bilər.