...

Honkonqda “Vifa” qasırğasına görə 500-dən çox uçuş təxirə salınıb

Dünya xəbərləri Materials 20 İyul 2025 01:25 (UTC +04:00)
Honkonqda “Vifa” qasırğasına görə 500-dən çox uçuş təxirə salınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək xəbərdarlıq səviyyəsi – T8 elan olunub.

Trend Çin mediasına istinadla xəbər verir ki, T8 xəbərdarlığı iyulun 20-si gecəyarısından qüvvəyə minib və bütün gün ərzində qüvvədə olacaq. Proqnozlara görə, qasırğa səhər saatlarında Mirvari çayının deltasına, Honkonqdan təxminən 50 km cənubda olduqca yaxınlaşacaq.

Honkonq Beynəlxalq Hava Limanı bildirib ki, iyulun 20-si saat 06:00-dan axşam 00:00-a qədər heç bir təyyarə havaya qalxmayacaq. Yalnız uzaq məsafədən gələn az sayda təyyarənin enişinə icazə veriləcək.

Qasırğa ilə əlaqədar:

İyulun 19-da 22,

İyulun 20-də isə 497 uçuş (qalxma və enmə) təxirə salınıb və ya ləğv olunub.

Sərnişinlərə dəstək üçün hava limanına 1000 nəfər əməkdaş cəlb olunub.

Honkonq Meteorologiya Xidməti xəbərdarlıq edib ki, qasırğa sahilyanı ərazilərdə daşqınlara səbəb ola bilər.
Bununla əlaqədar:

Bütün tədris müəssisələrində dərslər ləğv olunub,

Kitab, idman və istirahət sərgiləri daxil olmaqla irimiqyaslı tədbirlər dayandırılıb,

Sakinlər ərzaq və gündəlik tələbat mallarını almaq üçün marketlərə üz tutublar.

Qeyd edək ki, bu, ilin 6-cı qasırğası olan “Vifa”dır. Onun Honkonqla yanaşı, Çinin materik hissəsindəki Quandon və Haynan əyalətlərində də fəsadlar törədəcəyi, küləyin sürətinin saniyədə 42 metrə çatacağı və leysan yağışların müşahidə olunacağı gözlənilir.

Çin Meteorologiya Mərkəzi "sarı" həyəcan səviyyəsi elan edib. Haykou şəhərindəki üç limandan gəmilərin hərəkəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti