Bakı. Trend:
Bazar ertəsindən etibarən xarici turistlərin Yunanıstanın adalarına kruiz səyahəti əlavə xərclər tələb edəcək. Belə ki, iyulun 21-də ölkədə “kruiz vergisi” haqda qanun qüvvəyə minib.
Trend bu barədə "Euronews" telekanalına istinadən məlumat verir.
Rəsmi Afina kruiz vergisini rəsmi olaraq “dayanıqlı turizm vergisi” adlandırır. Verginin məbləği mövsümdən və limandan asılı olaraq dəyişir.
Ən yüksək “kruiz vergiləri” nəhəng turizm axınının olduğu Mikonos və Santorini adalarında tətbiq olunur. Təkcə ötən il sözügedən adaya 768 kruiz gəmisi və 1.29 milyona yaxın turist gəlib.
İyunun 1-dən sentyabrın 30-a kimi davam edən yay mövsümlərində turistlər Mikonos və Santorini adalarının limanlarında 20 avro “kruiz vergisi” ödəməli olacaq. Digər limanlarda bu, 5 avro civarında olacaq.
1 aprel 31 may aralığında olan müddətdə isə turistlər Mikonos və Santorinidə 12 avro, digər limanlarda isə 3 avro ödəməyə məcbur olacaq.