Bakı. Trend:
Almaniyanın nəhəng texnologiya şirkəti “Bosch”, Reutlinqen şəhərində yerləşən zavodunda 2029-cu ilə qədər 1100 iş yerinin ixtisarını planlaşdırır.
Trend xəbər verir ki, bu barədə şirkət açıqlama verib.
İdarəetmə qurğuları istehsal edən müəssisə artıq rəqabət qabiliyyətini itirib, bu səbəbdən strukturun yenidən qurulmasına və xərclərin azaldılmasına ehtiyac yaranıb. Gələcəkdə zavod əsasən yarımkeçirici məhsullar üzrə ixtisaslaşacaq.
İxtisarlar əsasən istehsal, idarəetmə qurğularının hazırlanması və inzibati bölmələri əhatə edəcək. Qərarın verilməsində bazar şərtlərinin çətinləşməsi, tələbatın azalması, artan rəqabət və qiymət təzyiqi əsas amillər kimi göstərilib.
Qeyd edək ki, hazırda Reutlinqen zavodunda təxminən 10 min işçi çalışır. Bu dəyişikliklər “Bosch”un 2023-cü ilin sonundan həyata keçirdiyi ümumi ixtisar proqramının bir hissəsidir. Ümumilikdə şirkət üzrə 14 mindən çox iş yerinin ixtisarı planlaşdırılır və bunun əsas hissəsi Almaniyadakı təchizat sahəsini əhatə edir.