Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp xarici yardım və ictimai yayım orqanlarına ayrılan dövlət xərclərini ümumilikdə 9 milyard dollar azaldan qanunu imzalayıb.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qanun daha əvvəl ABŞ Konqresi tərəfindən təsdiqlənmiş və “müəyyən dövlət xərclərinin ləğvi”ni nəzərdə tutan müddəaları əhatə edir.
Sənədə əsasən:
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçün Dövlət Departamentinə ayrılmış 7,9 milyard dollar,
Amerika İctimai Yayım Korporasiyası (CPB) üçün nəzərdə tutulan 1,1 milyard dollar federal büdcəyə qaytarılacaq.
Qeyd olunur ki, bu məbləğ demək olar ki, NPR və PBS-nin iki illik hökumət maliyyəsinə bərabərdir. NPR ABŞ-da 797 radiostansiyanı, PBS isə bütün 50 ştatda 354 qeyri-kommersiya televiziyasını əhatə edir.
Xatırladaq ki, Tramp iyunun 4-də Konqresə xarici yardım və ictimai yayım üçün maliyyənin ləğvini tələb edən müraciət göndərmişdi.
Həmçinin qeyd edilir ki, ABŞ hökuməti sentyabrın 30-dək USAID-in xarici nümayəndəliklərini ləğv etməyi və onun proqramlarına birbaşa Dövlət Departamenti vasitəsilə nəzarət etməyi planlaşdırır.