Bakı. Trend:
Cənubi Koreya ABŞ ilə aparılan tarif danışıqları çərçivəsində 100 milyard dollar dəyərində investisiya təklifi irəli sürməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda Vaşinqtonda səfərdə olan Cənubi Koreyanın ticarət nümayəndə heyəti sözügedən təklifi iyulun 24-nə nəzərdə tutulan “2+2” formatlı görüşdə təqdim etməli idi. Lakin ABŞ-nin maliyyə naziri Skot Besentin təcili işi ilə əlaqədar görüş təxirə salınıb.
Təklif olunan sərmayə paketinə “Samsung”, “SK Group”, “Hyundai Motor” və “LG Group” kimi Cənubi Koreyanın aparıcı sənaye şirkətlərinin ABŞ-də həyata keçirmək istədiyi investisiya planları daxildir.
Cənubi Koreya Maliyyə Nazirliyinin məlumatına görə, təxirə salınmış görüşdə ABŞ tərəfdən maliyyə naziri Skot Besent və ticarət nümayəndəsi Ceymison Qrir, Koreya tərəfdən isə maliyyə naziri Koo Yun-çeol və ticarət naziri Yeo Han-koo iştirak etməli idi. Hazırda Koreya nümayəndələri görüşün yeni tarixinin müəyyənləşdirilməsini gözləyirlər.
Qeyd edək ki, bu addım Yaponiyanın oxşar təşəbbüsündən sonra atılır. ABŞ Prezidenti Donald Tramp iyulun 23-də Yaponiya məhsullarına idxal rüsumlarını 25 faizdən 15 faizə endirmək barədə razılaşma əldə etdiklərini bildirib. Bunun müqabilində Tokio ABŞ-a 550 milyard dollar sərmayə qoymağı, həmçinin öz avtomobil və kənd təsərrüfatı bazarlarını amerikalı şirkətlər üçün daha açıq etməyi öhdəsinə götürüb.
Tramp administrasiyasının genişmiqyaslı tarif siyasətinə cavab olaraq, Cənubi Koreya şirkətləri də ABŞ-də investisiya imkanlarını genişləndirməyə maraq göstərir. Məsələn, “Hyundai Motor” 2028-ci ilə qədər ABŞ-də 21 milyard dollar, “Samsung Electronics” ən azı 37 milyard dollar, “SK hynix Inc” isə 3,87 milyard dollar investisiya yatırmağı planlaşdırır.